Azərbaycanda bu ilin 6 ayında 8 min 404 nəfəri müxtəlif heyvanlar dişləyib.
Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva söyləyib.
Başqa sözlə, 7 min 320 nəfəri it, 387 nəfəri pişik, 311 nəfəri siçovul, 186 nəfəri başqa heyvanlar (canavar, ayı, çaqqal, meymun və s.) dişləyib. Bu, keçəl ilin anoloji dövrü ilə müqayisədə 784 fakt azdır. Keçən ilin ilk 6 ayında 9188 nəfəri müxtəlif heyvanlar dişləyib. Yəni 7 min 892 nəfər it, 693 nəfər pişik, 440 nəfər siçovul, 163 nəfər başqa heyvanların dişləməsinə məruz qalıb.
E. Əliyeva paytaxt üzrə qeydə alınan heyvan dişləmələrinin statistikasını da açıqlayıb. Bu ilin 6 ayında Bakıda 2 min 313 dişləmə faktı qeydə alınıb. 1757 nəfəri it, 319 nəfəri pişik, 182 nəfəri siçovul, 55 nəfəri başqa heyvanlar dişləyib. Keçən ilin anoloji dövründə isə az qala iki dəfə çox – 4 min 737 dişləmə faktı qeydə alınıb. Həmin dövrdə 3 min 752 nəfəri it, 542 nəfəri pişik, 349 nəfəri siçovul, 94 nəfəri başqa heyvanlar dişləyib.
Bu ilin ilk 6 ayı ərzində dişləmələr nəticəsində insanlarda quduzluğa yoluxma halı və quduzluqdun ölüm faktı qeydə alınmayıb. Ümumiyyətlə, keçən ilin anoloji dövrü ilə müqayisədə Bakıda dişləmə faktları 2 dəfəyə qədər azalıb, rayonlarda isə artıb.
Elmira Əliyeva keçən illə müqayisədə ümumən dişləmə faktlarının azalmasını insanlar arasında aparılan maarifləndirmə işi ilə əlaqələndirib: “Digər tərəfdən, bu, maarifləndirmənin nəticəsidir. İnsanlar dişləmə halları olarkən dərhal vaksin vurdururlar, bu da quduzluğa yoluxmanın qarşısını alır. Təsadüfi deyil ki, 2012-ci ildə 8 quduzluğa yoluxma və nəticədə 8 ölüm faktı qeydə alınmışdı, bu ilin 6 ayında isə quduzluğa yoluxma və bununla bağlı ölüm faktı qeydə alınmayıb”.