Meşəli qətliamında günahlandırılan Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Lent.az xəbər verir ki, prosesdə zərərçəkmiş Camal Allahverdiyev ifadəsində qardaşının yandırıldığını deyib:
“Ay Vaqif, sənin dəstən qardaşımı yandırıb. Atam qardaşımın külünü çaynikə yığdı. Buna necə dözək? O boyda qardaşımın külü çaynikə yığıldı. Atam çaynikdə daşıdı onun külünü”.
***
saat 12:00
Meşəli qətliamında günahlandırılan Vaqif Xaçatryan azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyib.
Lent.az xəbər verir ki, bunu o, bu gün keçirilən məhkəmə prosesində deyib.
"Mən bizimkilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyirəm", - deyə Vaqif Xaçatryan bildirib.
O, 15 iyun 1991-ci ildə polis tərəfindən tutularaq, 1 ay Şuşada saxlanıldığını da qeyd edib.
***
saat 10:55
Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az xəbər verir ki, prosesdə zərərçəkmiş Alış Alışov ifadə verib.
Zərərçəkən Vaqif Xaçatryanı Meşəli hadisələrindən tanıyıb:
“Meşəli hadisəsi başlayanda mən ailəmlə kəndə idim. Xaçatryanı orda gördüm. Rəhmətlik Novruzun evinin üstündə Xaçatryan, onun qardaşı gəlib qonşunu baltayla vurub öldürdü. Mən öz evimdən Xaçatryanı gördüm. Baltayla başından vurandan sonra neçə güllə açdılar. Vaqif boynuna almasa da hamımız bunu bilirik. Qardaşı da bilir”.
Daha sonra onlar arasında üzləşmə keçirilib. Vaqif Xaçatryan onu tanımadığını, hadisələri baş verən vaxt kənddə olmadığını bildirib:
“Ay qadan alım, mən tanımıram səni. Mən orda olmamışam. Mən silah götürüb Əvəz dayını vurmaram”.
***
Saat: 10:27
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.
Lent.az xəbər verir ki, iclasa Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev sədrlik edir.
Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.
Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılır.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.