Sankt-Peterburqda küçədə xristianları və rusları açıq şəkildə təhqir etməkdə və polisə hücum etməkdə ittiham olunan şəxs saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, həmin şəxs barəsində “dindarların dini hisslərini təhqir etmə” maddəsi ilə cinayət işi başlanıb. Nəzarətə alındıqdan sonra həmin şəxs “incitdiyi hər kəsdən” üzr istəyib.
O, martın 28-də sosial şəbəkələrdə “Hyundai Solaris” markalı avtomobili idarə edərkən işıqforda başqasının avtomobilinin qarşısını kəsməsi və rusları “faşist” olmaqda ittiham etməsini əks etdirən videoya görə tanınıb. Həmin gün onu saxlamaq istəyərkən polislə əlbəyaxa davaya girib və qaçıb.
Təqsirləndirilən şəxsin Leninqrad vilayətinin qanunvericilik məclisinin deputatı Sayad Əliyevin qardaşı oğlu Cavadlı Vahid İltizam oğlu olduğu müəyyən edilib.