Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə qohumuna ağır bıçaq zərbəsi vurmaqda təqsirləndirilən Alim Qasımzadənin cinayət işi üzrə məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Alim Qasımzadənin 9 il azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkən Hüseyn Qasımov şikayətçi olmadığını və arada barışıq olduğunu deyib. Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Alim Qasımzadənin 2 il sınaq müddəti olmaqla, şərti 3 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.
Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 23-də Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Bənövşə" şadlıq sarayında baş verib. Alim Qasımzadə qohumunun toy məclisində iştirak edən zaman şadlıq evinin dəhlizində əmisi oğlu Hüseyn Qasımov bacısı ilə rəqs etməsinə görə onu restoranın dəhlizinə söhbətə çağırıb. Mübahisə zamanı Alim Qasımzadə onunla kobud danışmasını əsas gətirərək, Hüseyn Qasımovun qarın nahiyəsinə bıçaq zərbəsi endirməklə sağlamlığına ciddi xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, Alim Qasımzadə Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 221.3-cü (Xüliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddələri ilə məsuliyyətə cəlb olunub