Tanınmış qarmon ifaçısı, əməkdar artist Gülbahar Şükürlü vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada paylaşım edib.
Gülbahar Şükürlü 1962-ci il martın 20-də Bakı şəhərində anadan olub.
Orta məktəbi bitirdikdən sonra 4 saylı İncəsənət Gimnaziyasına daxil olaraq təhsilini orada davam etdirib.
16 yaşından qarmon sənəti ilə məşğul olan sənətçi uzun müddət Azərbaycanın xalq artistləri Mələkxanım Əyyubova və Səkinə İsmayılova və müğənni Zöhrə Abdullayeva ilə birgə çalışıb.
1993-cü ildə Zöhrə Abdullayevanın təkidi ilə efirə çıxaraq Azərbaycan Dövlət Televiziyasında 30 dəqiqəlik solo konsertlə çıxış edib və böyük tamaşaçı kütləsinin sevgisini qazanıb.
O, bununla da, davamlı olaraq Dövlət Televiziyasında digər verilişlərə dəvət alaraq solo çıxışlar edib.
Yaradıcılıq dövrü ərzində Gülbahar Şükürlü 4 albomu işıq üzü görüb: "Aytac", "Rusif", "Ləman" və "İnanmaram".
2009-cu il martın 7-də Azərbaycanda mədəniyyət sahəsində xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.
O, uzun müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin.