Tanınmış jurnalist Araz Zeynalovla vida mərasimi keçirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, vida mərasimi mərhumun evində keçirilib.
Mərasimdə onun ailə üzvləri ilə yanaşı, bir sıra ictimaiyyət və mətbuat nümayəndələri iştirak edib.
Vida mərasimi yekunlaşdıqdan sonra Araz Zeynalov Yasamal qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Araz Zeynalov dünən axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib. O, “APA Media Group”a daxil olan Vesti.az saytının ilk baş redaktoru olub.
***
3 avqust, saat 22:40
Vesti.az saytının baş redaktorunun müşaviri Araz Zeynalov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
A.Zeynalov rusdilli vesti.az saytının ilk baş redaktoru olub. O, uzun illər vesti.az saytına rəhbərlik edib. Xəstəlik iş imkanlarını məhdudlaşdırandan sonra isə bir müddət sayt baş redaktorunun müşaviri kimi çalışıb.
Araz Zeynalov uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. O, "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində çalışıb.
"APA Media Group" Araz Zeynalovun vəfatından dərin kədər və üzüntüsünü ifadə edir. Dəyərli həmkarımızın ailəsinə, yaxınlarına və media camiəsinə dərin hüznlə başsağlığı veririk.