Bəzi kütləvi informasiya vasitələrində Sumqayıtda qanunsuz olaraq 2 ağacın kəsilməsi nəticəsində 2 min 700 manat məbləğində ziyan dəyməsi barədə məlumatlar yayılıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumatda bununla bağlı bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müraciəti əsasında Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılıb. Müəyyən edilib ki, Sumqayıt şəhəri, Sülh küçəsində köküstə yaş halda 1 ədəd sərv və 1 ədəd şam ağacları kəsilib məhv edilmiş və nəticədə təbiətə 3 min manat məbləğində ziyan dəyib.
Mayın 29-da fakta görə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması şəhər Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.
Hazırda iş üzrə istintaq aparılmaqla təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri təmin ediləcək.