Bir neçə gündür ki, dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar nəticəsində Laçın rayonunun Zabux və Sus kəndlərində yaşayış sahələrinə ziyan dəyib. Normadan artıq yağan yağış nəticəsində kənd ətrafı dağ massivindən gələn sel suları bəzi evlərin zirzəmisinə dolub.
Lent.az xəbər verir ki, bu barədə Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə məlumatında bildirilib.
Qeyd edilib ki, Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və aidiyyəti qurumların nümayəndələri hazırda təbii fəlakət baş vermiş ərazidədirlər.
"Baş vermiş təbii fəlakətin nəticələrinin ən qısa zamanda aradan qaldırılması məqsədilə əlaqələndirilmiş qaydada zəruri tədbirlər görülməkdədir" - məlumatda bildirilib.