Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və "Səda TV" “Youtube” kanalının rəhbəri Elnur Şükürovun növbəti məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “Baku Steel Company” MMC-nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədov məhkəmə zalına gətirilib.
O ifadəsində bildirib ki, Elnur Şükürovu tanımır:
“Əvəz Zeynallı məni tanımaya-tanımaya ən çox pislik edən adamdı. Deyirdi ki, Loğman Zülfüqarlıdan, Nazim Bəydəmirlidən zavod alıb dağıtmışam. Ancaq hansı zavoddan söhbət gedir?
Efirdə olanda deyirdi ki, sübut edəcəm. Elə danışırdı ki, guya mənimlə şərik olub. Mən öz məhkəməmdə də demişəm ki, zavodu alanda iki yəhudi vətəndaşla danışmışam”.
Rasim Məmmədovun dediyinə görə, Loğman Zülfüqarlını 3 dəfə görüb:
“Əvəz Zeynallının dedikləri hamısı yalandı. Adını qoyub Rasim Məmmədovu tənqid edirəm. Tənqid başqadır, təhqir başqa. Yalan danışdığı üçün Əvəz Zeynallının məsələsinin başını buraxdım”.
Hakim şahidin ifadəsinə replikalar atan Əvəz Zeynallıya xəbərdarlıq edib.
Daha sonra, Rasim Məmmədov prokurorun suallarını cavablandırıb. O, istintaqdakı ifadəsini təsdiq etdiyini deyib.
Prokuror suallarını verdiyi zaman Əvəz Zeynallı məhkəməyə etiraz edib:
“Məni zala qolumda qandalla gətirirsiniz. Amma Rasim Məmmədovu qandalsız. Hansı haqq-ədalətdən danışırsız”.
Məhkəmənin gedişatında Rasim Məmmədov tərəflərin suallarını cavablandırıb.
Əvəz Zeynallı Rasim Məmmədovu birinci dəfədir gördüyünü, onu heç vaxt məhkəməyə vermədiyini deyib.
Rasim Məmmədov bildirib ki, Əvəz Zeynallı ilə birbaşa kontaktda olmayıb.
O, əlavə edib ki, ailəsinin Elçin Sadıqova 20 min manat verdiyindən xəbəri olmayıb:
“O sənədləri qaldırın görün, mən Loğman Zülfüqarlıdan 1 faiz pay almışammı?”
Vəkil: Əvəz Zeynallını heç məhkəməyə vermisiz?
Rasim Məmmədov: Bəli, mən onu Səbail rayon Məhkəməsinə vermişəm.
Əvəz Zeynallı: “Rasim müəllim, məni görmüsüz? Sizə zəng etmişəm?”.
Rasim Məmmədov: “Yox. Mən, ümumiyyətlə, telefon gəzdirməmişəm”.
Rasim Məmmədov Əvəz Zeynallının suallarını cavablandırmaqdan imtina edib:
Bundan sonra tərəflər arasında sözlü mübahisə yaranıb.
Prokuror Əvəz Zeynallının özünün apara bilmədiyi üçün məhkəmə zalından çıxarılmasını tələb edib.
Hakim Əvəz Zeynallını zaldan çıxarıb. Zalda əyləşən proses iştirakçıları da etiraz olaraq zalı tərk edib.
Zalda tərəflər arasında dava düşüb. Əvəz Zeynallı zaldan çıxarılarkən məhkəməni və aparılan prosesləri təhqir edib.
Məhkəmənin növbəti iclası noyabrın 4-də davam etdiriləcək.
Qeyd edək ki, Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.