Qaxın Ləkit kəndində göbələkdən zəhərlənən bir ailənin dörd üzvü Respublika Toksikologiya Mərkəzinə köçürülüb.
Lent.az-ın məlumatına görə, Qax Rayon Mərkəzi Xəstəxanasında göbələk zəhərlənməsi diaqnozu ilə müalicə alan Qax rayonu Ləkit kənd sakini 55 yaşlı Məlik Şıxamirov və onun həyat yoldaşı 49 yaşlı Pəri Şıxamirovanın vəziyyətləri nəzərə alınaraq bu gün günorta saatlarında Respublika Toksikologiya Mərkəzinə göndəriliblər. Axşam saatlarında isə ailənin övladı 16 yaşlı Mehri Şıxamorova və gəlinləri 25 yaşlı İlhamə Şıxamirova da müayinə olunmaq üçün Respublika Toksikologiya Mərkəzinə aparılıblar.
***
10.48
Qaxda göbələkdən zəhərlənmə hadisəsi olub.
Lent.az-ın məlumatına görə, nəticədə 2 ailənin 6 üzvü zəhərlənib.
Hadisənin biri rayonun Ləkit kəndində qeydə alınıb. Bir ailənin üzvləri - Məlik Şıxəmirov, P.Şıxəmirova və İ. Şıxəmirova, həmçinin yetkinlik yaşına çatmayan qız göbələk zəhərlənməsi ilə xəstəxanaya müraciət ediblər.
Digər hadisə isə Qax şəhərində qeydə alınıb. Nəticədə bir ailənin iki üzvü - Eldar Əfəndiyev və S. Məmmədova göbələkdən zəhərləniblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Lent.az-a bildirib ki, Qax rayonunda 2 ailənin ümumilikdə 6 üzvü zəhərlənmə diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına müraciət edib. İlkin müayinənin nəticəsinə əsasən onların göbələkdən zəhərləndiyi ehtimal olunur.
Həmin şəxslər ərizələrində də meşə sahəsindən yığdıqları göbələyi yedikdən sonra vəziyyətlərinin pisləşdiyini bildiriblər. Hazırda onların vəziyyəti qənaətbəxşdir.
Qax rayon Polis Şöbəsində toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndəriləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Qaxda göbələkdən daha bir zəhərlənmə olmuşdu. Nəticədə 2 azyaşlı həyatını itirmişdi.