Bir müddət əvvəl qadın həkimi döyən Şamayıl Mustafayevin cinayət işi üzrə ibtidai istintaq tədbirləri yekunlaşıb.
Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, cinayət işi üzrə toplanan materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bu il iyunun 4-də istintaqla Şamayıl Mustafayevin ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əyani müayinə otağında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Leyla Seyidovanın üzərinə hücum edərək yumruq zərbələri ilə qəsdən sağlamlığa yüngül zərər vurduğu və Leyla Seyidovanı onun əlindən ayırmaq istəyən həmin komissiyanın ekspert həkim-oftalmoloq Yusif Bənanyarlıya qarşı müqavimət göstərərək dərəcəsi təyin edilməyən xəsarət yetirdiyi müəyyən edilib.
Qeyd edilənlərlə bağlı Şamayıl Mustafayev Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Şamayıl Mustafayevin qazi olduğu bildirilir.