Baş Prokurorluq Lənkəran rayonunda ananın qeysəriyyə əməliyyatından sonra ölümü ilə bağlı açıqlama verib.
Qurumun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, mayın 26-da Lerik rayonunun Hücü kənd sakini Yaqubzadə Fəridə İlyas qızının ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla 1993-cü il təvəllüdlü Fəridə Yaqubzadənin mayın 25-də daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağının doğulması, əməliyyatdan sonra ananın vəziyyətinin pisləşməsi və ertəsi gün saat 5 radələrində ölməsi müəyyən edilib.
Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
***
saat 10:35
Lənkəranda 28 yaşlı qadın övladını dünyaya gətirəndən sonra vəfat edib.
Lent.az APA-ya istinadən xəbər verir ki, dünən axşam Lerik rayon sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində qız övladı dünyaya gətirib. Sonradan vəziyyəti pisləşən ananı həkimlər yenidən əməliyyat ediblər. Həkimlərin səylərinə baxmayaraq, 3 uşaq anası Fəridə Yaqubzadə bu gün səhər vəfat edib.
Mərhumun meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Onun dünyaya gətirdiyi körpənin səhhətində isə problem yoxdur. Bundan əvvəlki övladını da qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən qadının qohumlarının iddiasına görə, Fəridə Yaqubzadənin ölümü həkim səhlənkarlığı ucbatından olub.
Faktla bağlı araşdırma aparılır.