Sual doğuran məsələlərdən biri təyyarənin niyə Mahaçqaladan Bakıya deyil, Aktauya uçmasıdır.
Bu barədə APA-nın AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı araşdırmasında qeyd olunub.
Araşdırmada yazılıb ki, bunun mümkün səbəbi ilk olaraq Bakı ilə müqayisədə Mahaçqaladan Aktauya məsafənin nisbətən yaxın olmasıdır.
Əsas səbəb isə güman ki, təyyarənin hücuma məruz qaldığını anlayan pilotun Rusiyanın hava məkanını təcili tərk etmək istəməsidir. Mahaçqala və Bakı arasında hava məsafəsi 350 km, Mahaçqala və Aktau arasında hava məsafəsi isə 300 km təşkil edir. Bununla yanaşı, Aktau istiqamətində hərəkət etdiyi təqdirdə, təyyarə Rusiyanın hava məkanını daha tez tərk etmiş olurdu. Təyyarə Aktau istiqamətində hərəkət etdiyi zaman dərhal dənizə açılır və Rusiyanın hava məkanından çıxır. Bakı istiqamətində hərəkət etdiyi zaman isə əlavə olaraq təxminən daha 100 km Rusiyanın hava məkanında qalmalı idi.
Ekspertlərin fikrincə, video və foto təsvirlərdə təyyarənin quyruq hissəsində görünən zədələr Hava Hücumundan Müdafiə raketlərinin partlayışı nəticəsində yarana biləcək qəlpələrin törətdiyi zədələrə oxşardır. Təyyarənin "FlightRadar24" sistemində müşahidə olunan aşağı sürəti, Aktau hava limanına yaxın ərazidəki qeyri-sabit uçuş trayektoriyası onun quyruq hissəsində yaranmış nasazlıqla əlaqədar ola bilər.