Moskva vilayəti, Volokolamski rayonunun Ostaşevo kəndi yaxınlığında bədbəxt hadisə baş verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, fərdi sahibkar tələbə oğlu ilə yerli göllərə ördək ovuna çıxıb. Bu, ailənin hobbisidir: oğlan 8 yaşından atası ilə ova gedir. Onları bir ailə dostu da müşayiət edib.
Məlumata görə, ova gedənlər gölün sularında iki sal üzərində yerləşib. Ördəklər səmaya qalxanda kişilər atəş açmağa başlayıblar, sonra isə gözlənilməz hadisə baş verib: salda sahibkarın altındakı taxta qırılıb. Yıxılan kişi yöndəmsiz bir hərəkət edib - və əvvəlcə yuxarıya doğru yönəldilmiş silah tamamilə fərqli istiqamətə atəş açıb. Ovçunun oğlu baldır nahiyəsindən güllə yarası alıb.
Xoşbəxtlikdən tez bir zamanda hadisə yerinə gələn həkimlər gənci xəstəxanaya yerləşdiriblər. İndi onun həyatı üçün təhlükə yoxdur.