Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşrımı hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mitsubishi" markalı minik maşını idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb.
Dərhal hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.
Qəzada ölənlərin meyiti FHN-in əməkdaşları tərəfindən dərədən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.
Ölən şəxslər Türkiyə vətəndaşları, 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelikdir.
Xəsarət alan şəxsin isə 1993-cü il təvəllüdlü M.Okumuş olduğu bildirilir.
Qeyd edək ki, qəzaya düşənlər Kəlbəcərdə fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşlarıdır.
Faktla bağlı araşdırma aparılır.