Bakıda məktəbli qızların biabırçı hərəkətləri ilə bağlı cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Lent.az-a bildirib ki, qızların əməlində xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
***
saat 10:18
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələni nəzarətə götürüb”.
Lent.az xəbər verir ki, bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu məlumat verib.
O qeyd edib ki, hüquq-mühafizə orqanlarında iş aparılır:
“Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.
***
saat 00:47
Sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb.
Məktəbdən bildirilib ki, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb: "Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir".
Bakı Şəhər Təhsil İdarəsindən Lent.az-a bildirilib ki, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov isə Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, videogörüntülərdən məlumatlıdırlar: "Sözügedən hadisə nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır",- sorğuya cavabda qeyd olunub.