Tanınmış jurnalistin qəzaya düşməsi ilə bağlı Səbail rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır.
Bu barədə Lent.az-a qəzaya düşən jurnalist Nigar Abbasova məlumat verib.
O qeyd edib ki, qəza nəticəsində özü və maşında olan qızı ciddi bədən xəsarətləri alıblar: “Mənə bədənin əzilməsi, kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub. Qızımın isə sol qulu və çiyini əzilib. 3-4 aylıq sürücülük hüququ olan naşı sürücünün məsuliyyətsizliyindən az qaldı ki, həyatımızı itirək. Həmçinin onu da deyim ki, bizə dəyən zərərlə bağlı qarşı tərəf heç bir yardım göstərməyib. Bütün xərcləri özümüz qarşılamışıq. Avtomobilim də yararsız vəziyyətə düşüb”.
Qeyd edək ki, məlum hadisə mayın 27-də paytaxtın Səbail rayonu ərazisində, Su İdman Sarayının qarşısında qeydə alınıb. İsmayılzadə Ülkər Sahib qızının idarə etdiyi “Hyundai Santafe” markalı, 99 RU 058 dövlət nömrə nişanlı avtomobil qadağan olunmuş hərəkət istiqamətinə çıxaraq öz yolu ilə hərəkət edən jurnalist N. Abbasovanın idarə etdiyi “Hyundai Veloster” markalı, 90 EN 125 dövlət nömrə nişanlı maşına çırpılıb. Daha sonra yüksək sürətlə hərəkət edən “Hyundai Santafe” ağaca dəyərək dayanıb.
Qəza nəticəsində jurnalist N.Abbasovanın avtomobili yararsız hala düşüb, özü və avtomobildə olan azyaşlı qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.