Lənkəran rayonunda vətəndaşlardan rüşvət alan vəzifəli şəxslər cinayət başında yaxalanıb.
Lent.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciətləri əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Abdullayev Elgün Əzizulla oğlu və Lənkəran Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nuriyev Nəsrəddin Şahrza oğlu xidməti vəzifələrinin icrası ilə bağlı vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıblar.
Əməliyyat tədbirləri ilə Elgün Abdullayevin bu vəzifədə işləyərkən rayon ərazisində yerləşən torpaq sahələri üzərində tikilən fərdi-yaşayış evi və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmənin aparılmasına, eləcə də həmin sahələrin layihələrinin rəhbərlik etdiyi şöbədə təsdiq edilməsi üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat tədbirlərinin digər istiqaməti üzrə rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyevin bu vəzifədə işləyərkən vətəndaşa xəstəliklə əlaqədar epikrizin təqdim edilməsi, eləcə də məzmununa bilə-bilə saxta məlumatlar daxil etdiyi tibbi sənədlərin həmin şəxsə əlillik dərəcəsinin təyin edilməsi məqsədilə müvafiq elektron sistemə göndərilməsi müqabilində ona müraciət edən sonuncunun qohumundan rüşvət almasına dair əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, Elgün Abdullayevə həmin Məcəllənin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçilib.
Hazırda təqsirləndirilən şəxslərin eyni xarakterli əməllərindən zərər çəkən çoxsaylı vətəndaş müraciətlərində göstərilən digər xüsusatlar ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Onların qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur.