Naxçıvanda hərbiçimizin ölümü ilə bağlı cinayət işinin istintaqı davam edir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq meyitinin 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilməsi faktı üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.
"Azərbaycan Respublikasının Baş Prokurorluğu hadisə ilə əlaqədar əsgərimizin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verərək bildirir ki, cinayət işi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri tədbirlərin görülməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq", məlumatda bildirilib.