Aprel ayının 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.
Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən xəbər verilib.
Sərhədçilərə silahlı müqavimət göstərilib
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.
Bir sərhəd pozucusu zərərsizləşdirilib, üçü qaçıb
Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək sərhəd pozucularından biri hadisə yerində zərərsizləşdirilib, silahlı müqavimət göstərən digər 3 nəfər isə geriyə qaçmağa nail olub.
Balakən rayonundan olan üç nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində digər 3 nəfər – Balakən rayon sakinləri, 1998-ci il təvəllüdlü İbrahimov Rəcəb Məhəmməd oglu, 1990-ci il təvəllüdlu İsayev İsa Maqomedoviç və 1982-ci il təvəllüdlü Uzunov Kamran Kamaldin oğlu saxlanılıb.
Ərazidə 51 kq-dan çox narkotik və psixotrop maddələr tapılıb
Əraziyə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 51 kiloqram 884 qram narkotik vasitəyə bənzər maddə və çox sayda psixotrop həb aşkar olunaraq götürülüb.
Hadisə ilə bağlı İran sərhəd nümayəndələri ilə görüş keçirilib
Baş vermiş hadisə ilə əlaqədar İran İslam Respublikasının sərhəd nümayəndələri ilə görüş keçirilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir
Fakt üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğu tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.