Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu hüquq-mühafizə orqanları əməkdaşlarının tabeli silahlarının üzərində gəzdirmələri ilə bağlıdır.
Ötən həftə Bakının Binəqədi rayonunda polis rəisinin öz tabel silahı ilə kabinetində intihar etməsi gündəmin əsas müzakirə mövzusu oldu.
Görəsən, ölkə qanunvericiliyinə əsasən, asayiş keşikçiləri hər an xidməti silahını üstündə gəzdirə bilərlərmi?
Rubrikamızın sualına tanınmış vəkil Əsabəli Mustafayev cavab verib. O bildirib ki, bu məsələdə zabit heyəti ilə sıravi heyəti ayırmaq lazımdır:
Vəkil Əsabəli Mustafayev
“Sıravi heyət yalnız növbədə və ya xidmətdə olarkən silah gəzdirə bilərlər. Növbədən çıxanda, yaxud xidməti yerini tərk etdikdə isə silahını təhvil verməlidir. Sıravi heyətdən fərqli olaraq zabit heyəti daim üzərində silah gəzdirə bilər. Hətta evə aparmağa da icazəsi var. Amma burada da bir şərt var. Silahı evə aparmaq istəyən zabitin seyfi olmalıdır. Hansı ki, həmin seyf qıfılla bağlanmalıdır və tam təhlükəsiz yerdə saxlanılmalıdır. Ümumilikdə isə zabitlərə, xüsusilə də, əməliyyat işçilərinə silahı daim üstündə saxlamağa icazə verilir”.