Saratovda qəsdən sağlamlığa ağır zərər vurma, nəticədə insan ölümünə səbəb olmaqda təqsirləndirilən Azərbaycan vətəndaşına hökm oxunub.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə sentyabrın 10-da Rusiya İstintaq Komitəsinin regional İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“İstintaq və məhkəmə müəyyən edib ki, məhkum 2023-cü il oktyabrın 17-də Orconikidze meydanında yerləşən müəssisələrdən birində qonaqlardan biri ilə münaqişə zəminində onun başına dəfələrlə zərbələr endirib.
Zərərçəkmiş aldığı xəsarətlərdən oktyabrın 24-də xəstəxanada ölüb.
Məhkəmə azərbaycanlını ciddi rejimli koloniyada 6 il müddətinə azadlıqdan məhrum edib.
Hüquq-mühafizə orqanlarındakı mənbəsi ölümlə nəticələnən davanın Saratovdakı “Gecə” barında baş verdiyinə aydınlıq gətirib.