Fasilədən sonra jurnalist Əvəz Zeynallı və “Səda TV” “Youtube” kanalının rəhbəri Elnur Şükürovun məhkəmə iclası davam etdirilib.
Lent.az xəbər verir ki, Əvəz Zeynallı zala daxil olduqda yenə replikalar atıb:
“Siz yalan danışırsız. Məndən üzr istəməlisiniz”.
Hakim Əvəz Zeynallıdan vəsatətlə bağlı mövqeyini soruşub.
Əvəz Zeynallı bildirib:
“Mənim iştirakım olmadan necə proses keçirə bilərsiniz? Keçmiş dövrə qayıtmısınız? Siz şahidi müdafiə edirsiniz. Prokuror məni təhqir edir. Mən prokurorun cavabını verirəm. Əvəz Zeynallı iştirak etmədən onun prosesi keçirilə bilməz. Prokuror inkivizatordur. Elə hakim də inkivizatordur”.
Prokuror Eldar Həmzəyev Əvəz Zeynallının ona qarşı işlətdiyi ifadəyə görə, xəbərdarlıq yazılmasını istəyib.
Əvəz Zeynallı hakimdən prosesin əvvəlki qaydada keçirilməsini istəyib.
Hakim Əvəz Zeynallının tələbini qəbul etməyib.
Bu zaman Əvəz Zeynallı məhkəməyə ərizə ilə müraciət edərək, özü olmadan prosesdə vəkillərinin də iştirak etməyəcəyini bildirib və onlardan imtina edib.
Hakim imzalanan ərizədən sonra vəkillər - Aqil Layıc və Rəşad Əliyevin proses üzrə fəaliyyətinə xitam verib.
Vəkil Fəxrəddin Mehdiyevin isə məsələsinə özünün iştirakı ilə qiymət veriləcək.
Nəticədə, Əvəz Zeynallı hüquqlarını özü müdafiə edəcək.
Məhkəmənin növbəti iclası noyabrın 24-ə təxirə salınıb.
***
Saat: 14:29
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma ittihamı ilə həbs edilmiş jurnalist Əvəz Zeynallı və "Səda TV" “Youtube” kanalının rəhbəri Elnur Şükürovun məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı ötən iclasda baş verən qalmaqaldan sonra məhkəmə zalına gətirilməyib.
İclasda iştirak edən Əvəz Zeynallının anası buna etiraz edib. Zalda əyləşən proses iştirakçıları otağı tərk ediblər.
Qərara münasibət bildirən vəkil hakimdən Əvəz Zeynallının yenidən məhkəmə zalına gətirilməsini istəyib.
Hakim Əvəz Zeynallının bundan öncəki proseslərdə də məhkəmə zalında təhqiramiz sözlər işlətdiyini, hakimə və prokurora qarşı nalayiq sözlər dediyini diqqətə çatdırıb.
Bu səbəbdən qərar qəbul edildiyi kimi qalıb.
Eyni zamanda, Əli Məmmədov ötən gün Rasim Məmmədovun prosesə niyə qandalsız gətirilməsinə münasibət bildirib:
“Rasim Məmmədov bu proses üzrə şahid qismindədir. Və onun qandallı yaxud qandalsız prosesə gətirilməsi məhkəmənin səlahiyətində deyil”.
Hakim Əli Məmmədov bundan sonra növbəti proseslərin Əvəz Zeynallının iştirakı olmadan keçirilməsi barədə qərar verib.
Vəkil vəsatət qaldıraraq bildirib ki, Əvəz Zeynallı özünün iştirakı olmadan keçirilən prosesə vəkillərinin də qatılmasını istəmir.
Hakim Əvəz Zeynallının yalnız vəkillərlə bağlı qərarını öyrənmək üçün zala gətirilməsini istəyib.
Prosesin keçirilməsinə fasilə verilib.
Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.