İsmayıllı və Şamaxı rayonlarında şaxtalı hava şəraiti davam edir.
APA-nın yerli bürosunun xəbərinə görə, yolların buz başlaması nəqliyyatın hərəkətində çətinlik yaradıb. Ötən gecə Muğanlı-İsmayıllı dolayları, Ağsu aşırımı, Şamaxı-Pirqulu və Şamaxı-Göylər avtomobil yolları, İsmayıllı-Lahıc yolu buz bağlayıb. Hər gün yollaraa qum-duz qarışığı səpilsə də, təkrar şaxtalı hava yolda buzlaşmaya səbəb olub.
Səhər saatlarında Muğanlı-İsmayıllı yolunun buz bağlaması səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Həmin yolda 50-dən çox maşın qalıb. Sərt enişli-yoxuşlu yollar və günəş işığı düşməyən dolaylar sürüşkən olduğundan, hərəkət edə bilməyən avtomobillər geri qayıtmaq məcburiyyətində qalıb.
Yol istismar idarəsinin işçiləri buz bağlayan ərazilərə qum-duz qarışığı səpir, yollar qardan təmizlənir. Axşam saatlarına doğru yenə şaxta düşəcəyi ehtimal olunduğundan, sürücülərə ehtiyatlı olmaları və alternativ yollardan istifadə etmələri məsləhət görülür.