Malayziyada 49 yaşlı təcili yardım sürücüsü Mohd Takva İsmayıl qəza keçirən oğlu ilə bağlı çağırışa gedib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, İsmayıl zərərçəkmişi xəstəxanaya çatdırmalı idi. Kişinin sözlərinə görə, hadisə yerinə gələndə onda narahatlıq hissi yaranıb. Maşından düşəndən sonra 21 yaşlı oğlu Məhəmməd Aymanın motosikletini görüb.
Ayman avtomobili ötmək istəyərkən qarşıdan gələn yük maşını ilə toqquşub. O, başından ağır xəsarətlər alıb və hadisə yerində ölüb.
“Təcili yardım sürücüsü kimi işlədiyim 21 il ərzində ilk dəfədir ki, ailə üzvlərimdən birinin xəsarət alması ilə qarşılaşıram. O an necə kədərləndiyimi ancaq Allah bilir”, - İsmayıl deyib.
O, oğlunun sakit insan olduğunu, lakin hər zaman insanların diqqətini çəkdiyini, istənilən mühitə asanlıqla uyğunlaşdığını bildirib. Polis qəzanın təfərrüatlarını araşdırır. Yük maşınının sürücüsü xəsarət almayıb.