"2020-ci ildə RSXM-nin seysmik stansiyaları tərəfindən 3 579 yerli zəlzələ qeydə alınıb".
Lent.az məlumat verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib. O bildirib ki, Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ qeydə alınıb. Həmçinin Mərkəzin Monitoriq Mərkəzi tərəfindən 2301 uzaq zəlzələlər də qeydə alınıb:
"Azərbaycan və ona bitişik ərazilərdə bu günə qədər ml> 3-dən yuxarı olan 74 zəlzələ qeydə alınıb".
Azərbaycan və ona bitişik ərazilərdə qeydə alınan zəlzələlərdən 20-nin hiss olunduğunu qeyd edən baş direktor respublika ərazisindəki seysmiklik və bu istiqamətdə aparılan kompleks tədqiqatlar haqqında da məlumat verib:
"Hazırda respublika ərazisində 62 stansiya vasitəsi ilə tədqiqatlar aparılır. 2021-ci ildə isə daha 22 stansiya quraşdırılacaq və bununla stansiyaların sayı 84-ə çatdırılacaq. RSXM-nin 2021-ci il planına işğaldan azad edilmiş rayonlarımızda seysmik stansiyaların açılması məsələsi də artıq salınıb. 2021-ci ildə Şuşa və Cəbrayılda, 2022-ci ildə Kəlbəcər və Qubadlı rayonlarında seysmik stansiyalar quraşdırılması nəzərdə tutulur. Növbəti illərdə isə Zəngilan, Laçın, Xocavənd, Tərtər (Talış kəndi), Ağdərə və Xankəndində seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur ki, bununla da RSXM tərəfindən respublika ərazisində seysmik müşahidələri tam şəkildə aparmaq mümkün olacaq".