Rusiyanın Çeboksarı şəhərində Daxili İşlər Nazirliyi 2007-ci ildə Rusiya pasportu almış, 43 yaşlı Azərbaycan əsilli şəxsin Rusiya vətəndaşlığını ləğv edib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, qərar Federal Təhlükəsizlik Xidmətinin təqdim etdiyi materiallar əsasında qəbul olunub. Qurum bildirib ki, həmin şəxsin fəaliyyəti milli təhlükəsizlik üçün təhdid təşkil edib.
Xüsusi xidmət orqanlarının məlumatına görə, həmin şəxs Rusiyada olduğu müddətdə ölkə Konstitusiyasına və qanunlarına əməl etmək öhdəliyini dəfələrlə pozub. Bildirilir ki, o, yerli əhaliyə qarşı hörmətsiz münasibət sərgiləyib, etnik üstünlük ideyalarını təbliğ edib və Rusiya Silahlı Qüvvələrini nüfuzdan salıb.
Vətəndaşlıqdan məhrumetməyə əsas kimi 28.04.2024-cü il tarixli, 138-FZ nömrəli “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanunun 22-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin pozulması göstərilib. Bu materiallar əsasında Çuvaşiya üzrə DİN həmin şəxs barəsində Rusiya vətəndaşlığının dayandırılması ilə bağlı qərar rəsmiləşdirib. Onun Rusiya pasportu müsadirə olunub. Yaxın vaxtlarda Azərbaycan əsilli bu şəxs Rusiyanı tərk etməli olacaq.
