"Biz buna Vaqif deyirdik, ermənilər isə Vladik" -  Xaçatryanı tutan   polkovnik danışdı - YENİLƏNİB
06 noyabr 2023 11:45 (UTC +04:00)

"Biz buna Vaqif deyirdik, ermənilər isə Vladik" - Xaçatryanı tutan polkovnik danışdı - YENİLƏNİB

Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi məhkəmə istintaqı yekunlaşıb.

Lent.az xəbər verir ki, prosesdə hakim zərərçəkmişlərin, təqsirləndirilən şəxslərin və hüquqi varislərin dindirilməsinin başa çatdığını bildirib. 

Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev iş üzrə sənədlərin tədqiqinə başlandığını elan edib.

Daha sonra, hakim məhkəmə istintaqının yekunlaşdığını açıqlayıb.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmə noyabrın 7-ə qədər təxirə salınıb.

***

Saat 10:51

Vaqif Xaçatryanın cinayət işi üzrə bu gün məhkəmənin növbəti iclası keçirilir.

Lent.az xəbər verir ki, prosesdə şahid qismində ehtiyatda olan polkovnik Azay Kərimov ifadə verib.

Onun sözlərinə görə, Vaqif Xaçatryanı tanıyır:

“Mən hərbçi olmuşam. 1990-cı illərdə baş verən bütün hadisələrdə iştirak etmişəm. Bizim kəndimiz Xankəndi ilə bitişikdi. Arada bir dənə Qarqar çayı axırdı. O zamanlar Şuşa rayonunun qərargah rəisi idim. 

Qarabağda yaşayan ermənilərin bir çoxu milli münaqişələr yaradıb. Köçəryan, Sarkisyan, Vitali Balasanyan erməniləri qızışdırıb, mitinqlər yaradırdılar.

Biz buna Vaqif deyirik. Ermənilər ona “Vladik” deyirdi. Biz Vaqifi cinayət törətdiyi üçün tutub Şuşa türməsinə gətirmişdik. Xəbər gəldi ki, Vaqif damarını dişi ilə deşib. Şuşa xəstəxanasına gətirdik. Gecə gördüm ki, çarpayı tərpənir. Gəldim ki, bu yenə damarına atılan tikişi dişi ilə açmaq istiyir. 3-4 ay sonra bunları buraxdılar. Elə azadlığa çıxandan bit müddət sonra Meşəli hadisəsi baş verdi”. 

Onun sözlərinə görə, Meşəli hadisəsi zamanı Şuşanın Malıbəyli kəndini mühafizə edib:

“Meşəli hadisəsinin ikinci günü ora getdik. 11 nəfər idi, 8-ni öldürdük. Elə birinin meyitini də Vaqif daşıdı. Pastelləri, itləri, pişikləri güllələmişdilər”. 

Şahid bildirib ki, milli münaqişələrin baş verməsində əsas təşkilatçı adam Vaqif Xaçatryan olub:

“Tutmuşdum da bunu. Niyə buraxdılar? Azadlığa verdilər, bunlar da gedib Meşəli hadisəsini törətdi. General-polkovnik Ramil Usubov o vaxtı Qarabağda işləyirdi. Bunların hamısı ondan qorxurdu”.

***

saat 10:19

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin  bu gün cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb. 

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edir.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

***

saat 08:33

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin  bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.
Bu gün cinayət işi üzrə məhkəmə istintaqın başa çatacağı və prokurorun təqsirləndirilən şəxsə cəza tələb edəcəyi gözlənilir. 

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7287
avatar

Fidan İlqar

Oxşar yazılar