Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən 19 kiloqrama yaxın narkotik vasitələrin respublika ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında şöbə əməkdaşlarının keçirdikləri tədbir zamanı Tərtər rayon sakinləri, əvvəllər məhkum olunmuş Yusif Misirzadə və Elvin Kərimli saxlanılıb. Şəxsi axtarış zamanı Yusif Misirzadədən 2 kiloqram 255 qram heroin və marixuana, eləcə də onların narkotik vasitələri götürdükləri ərazidən 16 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin sosial şəbəkədə tanış olduqları xarici ölkədə yaşayan narkotacir tərəfindən pul və narkotik vasitə qarşılığında narkokuryerliyə cəlb edildikləri məlum olub. Onlar ifadələrində 1000 manat pul qarşılığında həmin narkotiki Yevlax rayonuna aparmağa razılaşdıqlarını bildiriblər.
Keçirilən digər əməliyyat zamanı isə rayon ərazisində narkotiklərin dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən tədbirlər zamanı isə 2 ədəd “Kalaşnikov” markalı avtomat və 2 ov tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.