İsmayıllıda avtomobildə 2 tona yaxın at əti aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini Xəyal Ziliyev idarə etdiyi “Ford” markalı avtomobillə birgə saxlanılıb.
Nəqliyyat vasitəsinin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 2 tona yaxın at əti aşkarlanıb. Araşdırma zamanı at ətinin Cülyan kənd sakini Samir İsayevə məxsus olduğu və X.Ziliyevin istifadəsində olan avtomobillə Bakı şəhərinə göndərmək istədiyi müəyyən edilib.
Davam etdirilən tədbirlərlə S.İsayev də şöbəyə gətirilərək izahatı alınıb. Aşkar edilmiş 10 rəst ata aid ət müvafiq nümunələr götürülməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına təhvil verilib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.