Xəzər rayonunda “Chevrolet” markalı avtomobildən 1800 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən S.Eminov saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə evdən ümumilikdə 11250 manat dəyərində məişət əşyaları, inşaat materialları, təmir alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.
Rayon ərazisində oxşar üsulla törədilmiş daha bir oğurluq əməlinin üstü açılıb. Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildən mobil telefon, gödəkçə və digər əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş P.Talıbov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin bir neçə avtomobildən pul, məişət əşyası, video-qeydiyyat qurğusunu oğurlaması da müəyyən olunub.
Hazırda hər iki faktla bağlı araşdırma aparılır.