Bakıda qətl törətməkdə təqsirləndirilən Aleksandr Serebrennikov və Elman Mənsumovun cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
İclasda dövlət ittihamçısı çıxış edib. O, hər ikisinə məhkəmədən 10 il cəza istəyib. Müşavirədən sonra hər iki təqsirləndirilən şəxs 10 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən il oktyabrın 9-u saat 20 radələrində Sabunçu rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Çərkəz Ələskərovun üzərində çoxsaylı xəsarət izləri olan meyiti aşkar edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2006-cı il təvəllüdlü Aleksandr Serebrennikov və Elman Mənsumov tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Aleksandr Serebrennikov və Elman Mənsumov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.