Bakıda yol qəzasında 2 nəfərin ölümündə təqsirləndirilən Xalid Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Xalid Quliyev 5 il 8 ay 11 gün azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il avqustun 24-də paytaxtın Suraxanı rayonunda - Zığ şosesində baş verib. Belə ki, Xalid Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb. Nəticədə Müşfiq Mustafayev və onun həyat yoldaşı Anargül Mustafayeva ölüb.
Daha sonra Xalid Quliyev saxlanılıb.
Xatırladaq ki, qəza nəticəsində vəfat edən Müşfiq Mustafayev Bakı Metropoliteninin əməkdaşı olub. O, xeyli vaxt imiş ki, Metropolitenin təsərrüfat qatarının maşinisti kimi çalışırmış. Anargül Mustafayeva isə 267 saylı orta məktəbdə müəllim işləyirmiş.