Bakıda ruhi əsəb xəstəsi olan yeniyetmə uşağı döyərək ağır xəsarət yetirib.
Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi Səmədzadə küçəsində baş verib.
2 saylı ruhi-əsəb dispanserində qeydiyyatlı olan 18 yaşlı Məsud xəstəliyi ilə əlaqədar həmyaşıdları ilə deyil, özündən kiçik, xüsusilə də 12 yaşlı uşaqlarla oynayırmış. Bir gün də belə oyun zamanı 12 yaşlı Elgün ona dəfələrlə “bu gicdir, dəlidir” kəlmələri işlədib, digər uşaqları onunla oynamağa qoymayıb və həmyaşıdlarına deyib ki, Məsud mağazaya göndərəndə getməsinlər. Onun bu hərəkətləri Məsudu özündən çıxarıb. Nəticədə o, velosipeddə əyləşən Elgünü yumruqla vuraraq yerə yıxıb, sonra isə təpikləyib. Nəticədə uşağın dalağı partlayıb həmçinin qara ciyər, mədəaltı vəzi və qarnına ağır xəsarətlər yetirib.
Məsuda qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsilə cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Məsud 2 il sınaq müddəti olmaqla, 3 il şərti qaydada azadlıqdan məhrum edilib.