Həbsdə olan şirkət direktoruna qarşı dələduzluq ittiham irəli sürülüb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Xanlar Cəfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rövşən Ələkbərov ifadə verib. O bildirib ki, 2016-cı ildə Xanlar Cəfərovun tikinti şirkətindən 150 kvadratmetrlik qeyri-yaşayış sahəsi alıb:
"2016-cı ildə Abbas adlı şəxsin vasitəsilə Xanları tanıdım. Mənə 300 kvadratmetrlik qeyri-yaşayış sahəsi satdığını dedi. Mənə razılıq əsasında 150 kvadratmetr qeyri-yaşayış sahəsi satdı, 100 min dollara. Dedi ki, Rusiyadan adam gələcək ona kvadratın 3 min dollara satacaqsan. Razılaşdım. 2 ildən sonra eşitdim ki, həmin obyekti bu adam 2015-ci ildə Zahid adlı şəxsə satıb. Xanlar dedi ki, obyekti satıb sənin pulunu verəcəm. Amma sonra dedi ki, mənə pul verməyəcəyini dedi".
Təqsirləndirilən şəxs bildirib ki, o, Rövşəndən 100 min dollar sələmə pul götürüb. Ayda 7 faiz sələm ödəyib: "100 min dollar götürərkən ona 150 kvadratmetrlik yeri zamin qoydum. Götürdüyüm pulun əvəzinə 192 min dollar qaytarmışam".
Xatırladaq ki, X.Cəfərov 2014-cü ildən 2019-cu ilədək "Avro Qrand" MMC-nin direktoru vəzifəsində işləyib.
O, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə MMC tərəfindən paytaxtın Binəqədi rayonu, A.Məmmədov küçəsi 10 ünvanında inşa olunan qeyri-yaşayış sahəsinin 150 kv/m-ni 27.05.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Zahid Cəfərova satıb. Lakin şirkət rəhbəri həmin qeyri-yaşayış-sahəsini 2016-cı il tarixdə Rövşən Ələkbərova sataraq ondan 170 min 910 manat pul alıb.
Bundan başqa, X.Cəfərov "Avro Qrand" MMC ilə "Xələfli" MTK arasında bağlanmış müqaviləyə əsasən MTK-nın sifarişi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə sözügedən MMC tərəfindən inşa olunan binanın sahəsi 86 kv/m-lik mənzilini "Xələfli" MTK-ya məxsus olduğunu bilməsinə baxmayaraq, Rövşən İsmayılova ilkin ödəniş kimi 8 min 500 manat, daha sonra isə 25 min manat pula satıb.
Bundan əlavə, o, digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək "Avro Qrand" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H. Aslanov 21 ünvanında inşa edilmiş binanın sahəsi 69 kv/m-lik mənzilini Fikrət Ovçiyevə satıb. Lakin şirkət rəhbəri sözügedən mənzili Vəli Tanrıverdiyevə 35 min manat pula təkrar satıb.
Eyni zamanda, X.Cəfərov "Avro Qrand" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi 10 ünvanında inşa edilmiş binanın sahəsi 98 kv/m-lik mənzilini Rafiq Əbilova satıb. Amma buna baxmayaraq, o, həmin mənzili Babək Vəliyevə 75 min manata sataraq dələduzluq edib.
X.Cəfərov eyni əməllə Kamil Qədirova satdığı mənzili Elvin Bayramova 60 min manata, Həsən Əliyevə məxsus mənzili Rasim İsmayılova 35 min manata, Rəhman Yusifova məxsus mənzili Tahir İsayevə 73 min manata, Şamil Nəcəfova məxsus mənzili Rauf Paşayevə 18 min manata, Elnur Balakişizadəyə məxsus mənzili Xəzər Əliyevə 62 min manata, Sultan Sultanova məxsus mənzili Rəcəf Orucova 48 min manata və Hikmət Bağırova məxsus mənzili isə Rüfət Qurbanova 47 min 600 manata satıb.
İş üzrə 12 zərərçəkmiş var. Onlara ümumilikdə 1 milyon 500 min manat ziyan dəyib.
İstintaq dövründə ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq, 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, X.Cəfərov daha əvvəl eyni əmələ görə həbs olunub və hazırda məhkumluq həyatı yaşayır.
X. Cəfərov həmçinin 2014-cü ildə 1 milyon 400 min manat vergi borcuna görə saxlanılsa da, sonradan həmin məbləği ödəyərək şərti azadlığa çıxıbmış. 2021-ci ildə isə o 9 nəfərə qarşı dələduzluq etdiyi üçün Bakı Ağır Cinayətlərə Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.