Mayın 6-da saat 17 radələrində Ağcabədi rayonu Rəncbərlər kəndində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Ağcabədi rayon prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, kənd sakini Kamil Usubov istehlak edilmiş təbii qaza görə yaranmış cəmi 504 manat abonent borcunu vaxtında ödəmədiyinə görə “Azəriqaz” İB-nin nəzarətçi-çilingəri Rövşən Səfərov və digər əməkdaşlardan ibarət işçi qrupu xidməti vəzifələrini yerinə yetirərkən təbii qaz borusundan sayğaca gələn xətti kəsərkən Kamil Usubov onlara hücum edərək təhqir edib, Rövşən Səfərova bir dəfə zərbə endirməklə sol yanaq nahiyəsinin kəsilmiş-cırılmış yarası xəsarəti yetirib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
***
7 may saat 21.26
"Azəriqaz" İB-nin əməkdaşına xəsarət yetirilib.
"Azəriqaz"dan Lent.az-a verilən xəbərə görə, hadisə Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisində debitor borcu olan abonentlərin qaz təchizatının dayandırılması zamanı baş verib.
2021-ci il iyun ayının 30-dan ödəniş etməyən abonent Usubov Kamil Feyruz oğlu 504.34 manat debitor borcu olduğu halda, qaz təchizatı dayandırılan zaman nalayiq ifadələr işlədərək, yaba ilə işçiləri hədələyib və nəzarətçi Səfərov Rövşənin göz nayihəsindən yumruqla vuraraq xəsarət yetirib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına artıq müraciət olunub.