Azərbaycandan İrana keçmək istəyənlər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumatagörə, oktyabr ayının 29-da saat 11:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd edərkən 1 nəfər Azərbaycan vətəndaşı, 27 yaşlı Rüstəmov İsrayıl Ənvər oğlu sərhəd pozucusu qismində saxlanılıb.
Həmin gün saat 21:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda aşkar edilmiş 1 ədəd bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 12 kiloqram 635 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb.
Oktyabr ayının 30-da saat 11:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları havaya xəbərdarlıq atəşindən sonra saxlanılıblar. Qeyd olunan şəxslərin Azərbaycan vətəndaşları Xaçmaz rayon sakini 24 yaşlı Fərmanlı Mehman İlqar oğlu və Bakı şəhər sakini 32 yaşlı Sadıqov Tərlan Heybət oğlu olmaları müəyyənləşdirilib.
Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana Kür çayında çəlləyin içərisində ötürülmüş qaçaqmal predmeti olan 20 qutu (339 blok) “Demi Wolf” markalı pirotexniki vasitələr aşkarlanaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.