Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 13 kiloqramdan artıq narkotik vasitə və 4400 ədəd narkotik tərkibli həbin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Bu barədə Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda bildirilib.
Qeyd olunub ki, polis və sərhədçilərin Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat nəticəsində İran vətəndaşları 32 yaşlı Qaffar Qızıl və 34 yaşlı Behzat Qaranejat Xəzər dənizi sahilində saxlanılıblar. Onların idarə etdikləri xüsusi "Yamaha" markalı mühərriklə təchiz olunmuş qayıqdan tərkibinə psixotrop maddələr əlavə edilmiş 11 kq 680 qram marixuana, 1 kq 510 qram heroin və 4400 ədəd metadon həbi aşkar olunub.
Saxlanılanlar İranın dəniz kənarındakı Gümüşan vilayətindən götürdükləri narkotikləri Xəzərin Azərbaycan-Türkmənistan sərhədindəki neytral zonasından istifadə edərək qaçaqmalçılıq yolu ilə maddi qazanc əldə etmək məqsədi ilə Azərbaycana gətirdiklərini qeyd ediblər. Qaffar Qızıl və Behzat Qaranejatın balıqçılıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə vaxtaşırı narkotik vasitələr gətirən əsas şəxslərdən olduqları da müəyyən edilib.
Ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr gətirməyə cəhd edən mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.