Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.
Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşları (bir ailənin üç üzvü) "yaşıl kanal" vasitəsilə hava limanını tərk edərkən əl yüklərinə baxış keçirilməsi üçün inzibati binaya dəvət olunublar. Gömrük baxışı zamanı, ailə başçısına məxsus iki ədəd çemodan və bir ədəd bel çantasından gömrük orqanlarına bəyan edilməyən, xalis çəkisi 18 kiloqram 97 qram olan qızıl-zinət əşyaları aşkar edilib. İlkin araşdırma zamanı məlum olub ki, maddi təminat qarşılığında bir ailəni külli miqdarda qızıl-zinət əşyalarını ölkəmizin gömrük sərhədindən qanunsuz keçirməyə sövq ediblər. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edilib ki, 2023-cü il və 2024-cü ilin cari dövrü ərzində gömrük orqanları tərəfindən qızıl-zinət əşyalarının və qiymətli daşların gömrük sərhədindən qanunsuz keçirilməsi üzrə 51 fakt aşkar edilib. Bu faktlar üzrə hüquqpozma predmeti kimi 54 kiloqrama yaxın qızıl-zinət əşyaları və qızıl külçələrin, 613 karatdan çox qiymətli daşların qanunsuz keçirilməsinin qarşısı alınıb. Aşkarlanan son fakt da qızıl-zinət əşyalarının gömrük nəzarətindən kənar keçirilmə cəhdidir və bu kimi hallara qarşı mütəmadi mübarizə tədbirləri həyata keçirilir. İstər qızıl, istərsə də digər məhsulların qanuni idxalı ilə məşğul olan sahibkarlara və yaxud fiziki şəxslərə gömrük orqanlarına bəyan edilən mallara görə rəsmiləşdirmə tədbirləri həyata keçirilir və müvafiq sənədlər təqdim olunur. Ümumiyyətlə, gömrük və vergi qanunvericiliyinə riayət olunmasının təmin edilməsi məqsədilə gömrük və vergi orqanları tərəfindən mütəmadi əsaslarla kompleks birgə tədbirlər həyata keçirilir.