Sinqapurda bir oğlan anasından 150 min dollar almaq üçün özünü oğurlatdırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Çen Zixianq adlı bir gənc dostlarını bu işdə ona kömək etməyə razı salıb. Təyin olunmuş gündə oğul anasına zəng edərək naməlum şəxslər tərəfindən qaçırıldığını və yalnız pul ödədikdən sonra buraxılacağını bildirib. O, bunun daha inandırıcı olması üçün üzərində qançırlar yaradaraq fotonu qadına göndərib.
Bundan sonra oğlanın dostlarından biri Zixianqın anasını tez bir zamanda 150 min dollar köçürməsi üçün hədələməyə başlayıb. Lakin qadının bu qədər pulu olmayıb və yalnız 700 dollar verə bilib.
İşlər plana uyğun getmədiyi üçün Çen evə qayıdıb, burada isə qorxmuş anasının çağırdığı polis artıq onu gözləyirmiş. Oğlan dələduzluğunu etiraf etməli olub - borclarını ödəmək üçün fırıldağa əl atdığını bildirib.
Zixianqla birlikdə onun dostları da həbs edilib. Onlar dələduzluqda ittiham olunurlar.