"Xüsusi Karantin Qaydalarının Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" olan 8103 qısa nömrəsinə yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək üçün qanunsuz yerə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozanları daxili işlər orqanlarının əməkdaşları qısa zamanda müəyyən ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər nəticəsində təkcə ötən sutka ərazində paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 56 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar polis idarə, şöbə və bölmələrinə gətiriliblər. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbirlər görülüb və hər biri 100 manat məbləğində cərimə ediliblər.
Qeyd edək ki, Mülki Prossesual Məcəllənin 19-cu maddəsinə əsasən yaxın qohumlar dedikdə nənə-babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.
Bir daha diqqətə çatdıraq ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi araşdırılır. Buna görə də vətəndaşlardan bu xidmətdən sui-istifadə hallarına yol verməmələri tələb olunur. Əks halda bu cür davranış karantin rejimi tələblərinin pozulması kimi qiymətləndiriləcək və həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.