"Hazırda ölkədə valideyn himayəsindən məhrum olan 1000-dən çox uşaq var. Amma onlardan yalnız 40-50-si övladlığa verilmək üçün münasibdir".
APA-nın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatında çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, övladlığa götürülmə ilə bağlı edilən müraciətlər daha çox böyük şəhərlərin payına düşür: "Düşünürük ki, böyük şəhərlərdə valideyn himayəsindən məhrum olan uşaqların sayı daha çoxdur. Bu uşaqlar valideynləri tərəfindən atılsa da, onların övladlığa götürülməsi üçün bəzi hüquqi addımlar atılmalıdır. Bu uşaqların övladlığa götürülməsinin mümkün olması üçün sənədlər qaydaya salınmalıdır".
Anar Kərimov əlavə edib ki, son illər ərzində ildə təxminən 700-800 uşaq övladlığa verilib: "Ötən il övladlığa verilmə sistemindəki dəyişiklik və keçid dövrü olduğu üçün övladlığa götürülən uşaqların sayı azalaraq 140-a enib".