Bakının Nəsimi rayonunda taksi sürücüsü və aptekdə satıcıya qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları paytaxt ərazisində soyğunçuluqla məşğul olan şəxsləri tutublar. Paytaxt sakini Rahil Əliyev polisə şikayət edərək bildirib ki, idarə etdiyi “VAZ 21012” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəqliyyat vasitəsinə müştəri kimi əyləşən naməlum şəxs onu qorxudaraq 100 manat dəyərindəki “Samsung” markalı mobil telefonunu və 25 manat nağd pulunu əlindən alıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Elvin Əliyev saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.
Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Tbilisi prospekti 13 ünvanında yerləşən aptekin kassasından soyğunçuluq yolu ilə 2000 manat oğurlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Vüsal Hüseynov tutularaq istintaqa təqdim edilib.
Hadisə zamanı V.Hüseynov aptekə daxil olaraq satıcıdan əvvəlcə müxtəlif növ dərman vasitələri istəyib. Bundan sonra o, satıcının başının qarışıq olmasından istifadə edərək kassadakı pulu ələ keçirib. Araşdırma zamanı V.Hüseynov paytaxtın digər ərazilərində də eyni üsulla bir neçə aptekdən oğurluq etdiyi məlum olub.
Qeyd edilən faktlarla bağlı hər iki şəxs barəsində Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Elvin Əliyev və Vüsal Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.