Neftçalada balıq tutan ata və 5 yaşlı oğlunun kollektorda boğulmasının səbəbi məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, soyuq havada balıq tutan ata 5 yaşlı uşağı soyuqdan qorumaq üçün avtomobildə otuzdurub. Bu zaman nəzarətsiz qalan azyaşlı avtomobili işə salıb və avtomobil irəliləyərək suya düşüb. Oğlunu xilas etmək istəyən ata suya atılıb və o da boğulub.
***
Saat 20:13
Neftçala rayonunun Astanlı kəndində, “Baş Mil-Muğan” kollektorunda batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Əsgərov Nurlan Aslan oğlu və 2015-ci il təvəllüdlü Əsgərov Aslan Nurlan oğlunun axtarışları başa çatıb.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Saat 17:36
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Neftçala rayonunun Astanlı kəndində 2 nəfərin su kanalına düşməsi barədə məlumat daxil olub.
FHN-dən Lent.az-a verilən məlumata görə, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.