Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri Masallıda baş verən güllələnmə ilə bağlı birgə məlumat yayıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda bildirilir ki, fevralın 26-da saat 13 radələrində Masallı rayonunun Təzəkənd kənd sakinləri 21 yaşlı Alimə Nəbiyeva və qardaşı 25 yaşlı Miralim Nəbiyevin evdə meyitlərinin aşkar olunması, onların anası 43 yaşlı Zenfira Nəbiyevanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi, hadisə yerindən bir qədər aralıda isə 32 yaşlı Sərvan Ağayevin odlu silah yaraları ilə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əvvəllər məhkum olunmuş Sərvan Ağayevin yaşadığı evdən cehiz əşyalarını götürmək məqsədi ilə ora gəlmiş keçmiş həyat yoldaşı Alimə Nəbiyeva, qaynanası Zemfira Nəbiyeva və qaynı Miralim Nəbiyevə ov tüfəngindən açdığı atəşlər nəticəsində Alimə və Miralim hadisə yerində ölmüş, Zenfira Nəbiyeva isə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, hadisə yerindən təxminən 2 km kənarda isə Sərvan Ağayev odlu silahdan yetirilməyə xarakterik xəsarətlərlə aşkar edilərək Masallı rаyon mərkəzi xəstəxаnаsınа çаtdırılıb.
Hadisə yerinə baxış zamanı 2 ədəd nömrələri silinmiş ov tüfəngləri, xeyli sаydа patronlar və boş gilizlər aşkar edilərək götürülüb, iş üzrə zəruri ekspertizalar təyin edilmiş, eləcə də digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 29, 120.2.7-ci ( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmış, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmış, müvafiq ekspertizalar təyin edilib.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.