Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb.
APA-ya daxil olan məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən koronavirus xəstəliyinin qarşısının alınması üzrə həyata keçirilən qabaqlayıcı tədbirlər, virusa yoluxmuş və karantinə yerləşdirilmiş şəxslərin sayı,onların müalicəsi və s. barədə ictimaiyyət mütəmadi məlumatlandırılır.
“Lakin ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə və “watsapp” ani mesajlaşma tətbiqi vasitəsilə koronavirus xəstəliyi ilə mübarizədə insanlarda təşviş və çaşqınlıq yarada biləcək tədbirlərin görülməsi haqda müxtəlif şayiələr yayılır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi vətəndaşları belə yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının məlumatlarını nəzərə almağa çağırır.
Eyni zamanda həqiqəti əks etdirməyən, cəmiyyətdə süni ajiotaj yaratmağa hesablanmış bu cür əsassız və uydurma informasiyaları yayan şəxsləri xəbərdar edirik ki, yol verdikləri qanunazidd əməllərə görə barələrində hüquqi məsuliyyət tədbirləri görüləcəkdir”, .- deyə məlumatda qeyd olunub.