Martın 14-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirləri, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışan Müdafiə naziri hərbi hissələrdə müvafiq tibbi və sanitar-epidemioloji tədbirlərin gücləndirilməsini tələb edib. Nazir hərbi hissə və müəssisələrdə dezinfeksiya işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi, hərbi qulluqçuların mütəmadi maarifləndirilməsi, eləcə də şəxsi gigiyena qaydalarına riayət olunmasına diqqətin daha da artırılması, o cümlədən kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə bir daha göstəriş verib.