Yanvarın 13-də Göygöl rayon sakini Məhərrəm Qasımov Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 750 manat nağd pulun və 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq şöbəyə gətirilib. Ətrafında aparılan araşdırmalarla onun zərərçəkənin qonşusu, rayon sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş Həsrət Fərəcov olduğu müəyyən edilib. Dindirilmə zamanı H. Fərəcəov törətdiyi cinayət hadisəsini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.