Şabranda sürücü sərxoş halda karantin qaydalarını pozub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Şabran rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində xidmətdə olarkən sərxoş halda yük avtomobili idarə edən və karantin qaydalarını pozan şəxsi saxlayıblar. Hacıqabul rayonunun Atbulaq kənd sakini Babək Güləliyev idarə etdiyi yük avtomobili ilə saxlanılıb və onun spirtli içkinin təsiri altında sükan arxasında olduğu, həmçinin karantin qaydalarını pozduğu müəyyən edilib.
Saxlanılan zaman o, məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmayıb.
Həmin sürücü barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib və B.Güləliyev Şabran rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətində həbs edilib.