Gəncədə karantin rejimini pozan obyektlər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində həm xidməti avtomobillərlə şəhər əhalisinə səslənərək, həm də fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayyət etməyə dəvət edir.
Bəzi sahibkarlar polis əməkdaşlarının bütün tədbirlərinə baxmayaraq fəaliyyətlərini davam etdirməyə çalışırlar. Baş İdarə əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə rast gəlinib. Sonuncu belə reyd zamanı 2 bərbərxana, 1 gözəllik salonu, 1 ətir mağazası və 1 kafe aşkarlanıb. Aşkarlanan iaşə obyektlərinin sahiblərinə inzibati protokol tərtib edilərək obyektin bağlanması təmin edilib.
Bundan başqa, davam etdirilən reyd zamanı yeniyetmə və gənclərin 10 nəfərdən artıq qrup halında toplaşaraq futbol oynaması da müəyyən olunub. Polis əməkdaşları onlarla profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür. Sonra həmin şəxslər ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.